Slovakiyada bir kişi nahar pulu ödəyə bilmədiyi üçün restoranda bomba olduğunu iddia edib.
DenMedia.az xəbər verir ki, bu barədə iDNES.cz məlumat yayıb.
Hadisə ötən həftə Bratislava şəhərindəki restoranda baş verib. 48 yaşlı kişi “qaynar xəttə” zəng edərək binada partlayıcı qurğu olduğunu bildirib. Elə həmin vaxt restoranın əməkdaşı da polisə zəng edib və müştərinin hesabı ödəməkdən imtina etdiyini xəbər verib.
Hadisə yerinə gələn polis əməkdaşları 15 nəfəri təxliyə edib. Xüsusi təlim keçmiş polisi iti ilə axtarış aparılsa da, heç bir bomba aşkar edilməyib.
Sonradan həmin şəxs öz günahını etiraf edib və bildirib ki, sadəcə yeməyin pulunu ödəməyə pulu olmayıb.
Onun barəsində yalan məlumat yaymaq maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

