Cənubi Çin dənizi üzərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R tipli helikopter və F/A-18F Super Hornet qırıcısı qəzaya uğrayıb. DenMedia.az xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Sakit Okean Donanmasının Komandanlığı məlumat yayıb.
Məlumata görə, hər iki hava gəmisi USS Nimitz aviadaşıyıcısından havaya qalxaraq ayrı-ayrı uçuşlar yerinə yetirirmiş.
“Hadisələr bazar günü axşam, rutin əməliyyatlar zamanı, təxminən yarım saat fərqlə baş verib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb,” – deyə bəyanatda bildirilir.
Axtarış-xilasetmə qrupları dənizdən helikopterin göyərtəsində olan üç hərbçini və qırıcının iki pilotunu sağ vəziyyətdə xilas ediblər.
Sakit Okean Donanmasının komandanlığı hər iki hadisənin səbəblərini müəyyənləşdirmək üçün istintaq başladıldığını açıqlayıb.

