Vətən sevgisi, torpaq məhəbbəti insanın ruhunda doğular. Bəziləri bu sevgini yaşayaraq ifadə edər, bəziləri isə onun uğrunda canından keçər. 1993-cü ilin 16 iyununda dünyaya göz açan Elçin Həsənli məhz Vətən üçün doğulan o igidlərdən idi.
Bu gün onun doğum günü, qısa, lakin şərəfli ömrünün xatirəsi Abşeronda xüsusi ehtiramla anılıb.
Tədbir Xırdalan şəhərində şəhidin uyuduğu məzarlığın ziyarəti ilə başlayıb. Elçin Həsənlinin məzarı üzərinə gül dəstələri düzülüb, onun ruhuna dualar oxunub. Sakitlik içində səslənən dualar bir daha göstərdi ki, bu xalq öz igidlərini heç zaman unutmur.
Ziyarətdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, şəhid anaları və ailələri də iştirak ediblər. Tədbir boyu Elçinin keçdiyi şərəfli həyat yolundan, cəbhədəki igidliyindən, onun ailəyə, Vətənə bağlılığından danışılıb.
Elçin Həsənli təkcə bir ailənin deyil, bütün Azərbaycanın övladı idi. O, düşmənə qarşı vuruşarkən sadəcə bir əsgər kimi deyil, xalqının qeyrətli oğlu kimi döyüşürdü. Onun cəbhədə göstərdiyi qəhrəmanlıq, ölümə başı dik getməsi gənclərə örnəkdir.
Tədbir zamanı çıxış edən Abdin Fərzəliyev şəhid ailələrinə olan diqqət və qayğının Prezident İlham Əliyevin rəhbərliyi ilə daim prioritet olduğunu vurğuladı. O bildirdi ki, Elçin kimi igidlərin qəhrəmanlığı Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir. Vurğuladı ki, "Elçin Həsənli kimi qəhrəmanların qanı bahasına bu gün biz sülh içində yaşayırıq. Onların əmanətinə sahib çıxmaq isə bizim borcumuzdur."
Coşqun Cəbrayılov isə çıxışında şəhidlərə verilən dəyərin dövlətin mənəvi sütunu olduğunu qeyd etdi. Bildirdi ki, “Şəhid Elçin bizim qürurumuzdur. Bu gün onun doğum gününü anmaq, sadəcə bir mərasim deyil, həm də xalq olaraq birliyimizin, şəhidlərə sədaqətimizin təzahürüdür.”
Tədbirdə şəhidin atası, professor Vaqif Həsənov , anası Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edərək şəhid ailələrə göstərilən dövlət dəstəyinə görə,Prezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, “Biz övladlarımızı vətən üçün böyütdük, onların qanı bu torpağa su kimi hopdu. Qoy heç bir ana bu ağrını yaşamasın, amma Elçinlə fəxr edirəm!”
Sonda Elçin Həsənlinin döyüş yoldaşları və yaxınları onun haqqında xatirələrini bölüşdü. Hər xatirə, hər söz Elçinin necə mərd, alicənab və səmimi bir insan olduğunu bir daha göstərdi.
Həkim-yazar Rəfiqə Qasımqızı isə deyir ki, o Elçini heç vaxt görməyib. Amma indi elə məqam gəlib ki, bu gün Elçini özünə oğul hesab edir. Çünki Elçinin ruhu onu özünə ana olaraq seçib.
Bu anım mərasimi təkcə bir şəhidin mövludunun qeyd olunması deyildi – bu, Vətən uğrunda canından keçənlərin unudulmadığını, onların əziz xatirələrinin hər zaman yaşadığını sübut edən bir sədaqət nümunəsi idi. Çünki şəhidlər ölməz, Vətən bölünməz!
Və Elçin Həsənli – bu torpağın qürurla andığı igidlər sırasındadır.