Abşeron rayonunda 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan mayor Elşad Həsənovun doğum günü qeyd edilib. Şəhidin 44 yaşı münasibətilə onun ailəsi ziyarət olunub.
Ziyarətdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid anası, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, və digər şəhid ailələrinin üzvləri iştirak ediblər. Rayon rəhbərliyi Elşad Həsənovun ailə üzvləri ilə görüşərək, onun göstərdiyi igidlik və qəhrəmanlıqlardan danışıb, xalqımızın azadlığı uğrunda canını fəda edən bütün şəhidlərin xatirəsinin daim uca tutulduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsində iştirak edib. O, Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşaraq, 2 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Uzun müddət nəşi tapılmayan şəhidin cənazəsi 16 dekabr 2020-ci ildə tapılaraq, II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Elşad Həsənov ölümündən sonra “Vətən uğrunda”, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Elşad Həsənovun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.