Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.
Səfər zamanı Leyla Əliyeva stasionar müalicə alan uşaqların sağlamlıq vəziyyəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub.
O, həmçinin balaca pasiyentlər və onların valideynləri ilə görüşüb, uşaqlara hədiyyələr təqdim edib.
Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə Leyla Əliyevaya ətraflı məlumat veriblər.
Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allergologiya sahəsində stasionar tibbi yardım göstərən yeganə ixtisaslaşmış tibb müəssisəsidir.
Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla, kompleks yanaşma əsasında pasiyentlərin diaqnostika və müalicəsi həyata keçirilir.





