Azərbaycanda bank kartlarının üçüncü şəxslərə verilməsinə görə qanunvericiliklə məsuliyyət müəyyən edilməsi təklif olunub.
DenMedia.az report-a istinadən xəbər verir ki, bu təşəbbüslə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin baş mütəxəssisi Elvin Cüvarov çıxış edib.
Onun sözlərinə görə, maliyyə fırıldaqları əsasən üç üsulla həyata keçirilir: müştərinin məxfi məlumatlarının ələ keçirilməsi, psixoloji təzyiq yolu ilə şəxsin pulu özü dələduzlara köçürməsi və başqa şəxslərin adına rəsmiləşdirilmiş bank kartlarından istifadə edilməsi.
Elvin Cüvarov bildirib ki, bəzi vətəndaşlar cüzi məbləğ qarşılığında öz adlarına bank kartı açaraq onu başqa şəxslərə verirlər. Onlar bununla cinayət sxeminin iştirakçısına çevrildiklərini çox vaxt dərk etmirlər.
Mərkəzi Bank hesab edir ki, problemin həlli üçün ödəniş alətlərinin üçüncü şəxslərə verilməsinə görə qanunvericilik məsuliyyəti tətbiq olunmalıdır. Nümunə kimi Rusiyanın təcrübəsi göstərilib. Bu ölkədə belə hallara görə azadlıqdan məhrumetməyədək cəza nəzərdə tutulur.

