Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bundan sonra Azərbaycanda müvəqqəti qalma müddətinin uzadılması üçün elektron qaydada müraciət edə biləcəklər.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Facebook” səhifəsində məlumat verib.
Yeni qaydalara əsasən, viza ilə ölkəyə gələn şəxslər vizanın qüvvədə olma müddətinin, vizasız gələnlər isə müəyyən edilmiş 90 və ya 30 günlük qalma müddətinin uzadılması üçün onlayn müraciət edə biləcəklər.
Qərar artıq kağız formada deyil, elektron şəkildə təqdim olunacaq. Dövlət rüsumu ödənildikdən sonra sənəd ərizəçinin “myGov” portalındakı elektron kabinetinə yerləşdiriləcək və onun elektron poçt ünvanına göndəriləcək.
Bununla yanaşı, xidmətə şəxsən müraciət etmək imkanı da saxlanılır. Daha əvvəl kağız daşıyıcıda verilmiş qərarlar isə sənəddə göstərilən müddət başa çatanadək hüquqi qüvvəsini qoruyacaq.
Müvəqqəti qalma müddəti aşağıdakı hallarda uzadıla bilər:
- təcili tibbi müalicəyə ehtiyac yarandıqda;
- Azərbaycanda yaşayan yaxın qohum ağır xəstələndikdə və ya vəfat etdikdə;
- valideynin, həyat yoldaşının, uşağın, qardaşın və ya bacının müvəqqəti qalma müddəti uzadıldıqda;
- xidməti zərurətlə ölkəyə gəlmiş əcnəbinin işləri tamamlanmadıqda və dəvət edən təşkilat əsaslandırılmış vəsatət təqdim etdikdə;
- tranzit keçid zamanı məcburi dayanma baş verdikdə.

