Onkoloq Elxan İbrahimov qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olan süd vəzi xərçənginin əsas əlamətlərini açıqlayıb.
Həkim bu barədə “Instagram” hesabında paylaşım edib.
Onkoloqun sözlərinə görə, süd vəzi xərçənginin ilk xəbərdaredici əlamətlərindən biri döşdə və ya qoltuqaltı nahiyədə bərkimə, yaxud düyünün yaranmasıdır.
Xəstəliyin digər mümkün əlamətləri arasında süd vəzisinin formasının dəyişməsi, dəridə qızartı, şişkinlik, portağal qabığını xatırladan görünüşün yaranması və döş giləsinin içəriyə doğru çəkilməsi yer alır.

Həkim döş giləsindən, xüsusilə qanlı ifrazatın gəlməsinin də diqqət tələb edən əlamətlərdən olduğunu bildirib.
Elxan İbrahimov vurğulayıb ki, sadalanan dəyişikliklər hər zaman xərçəng xəstəliyinin mövcudluğu demək deyil. Lakin belə əlamətlər müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, süd vəzi xərçəngi erkən mərhələlərdə heç bir əlamət verməyə də bilər. Buna görə yaşa və fərdi risk amillərinə uyğun müayinələr mühüm əhəmiyyət daşıyır.

