Bəzi kosmetik vasitələrin tərkibində olan kimyəvi maddələr dəri sağlamlığı üçün ciddi risklər yarada bilər.
Bu barədə dermatoveneroloq və kosmetoloq Yelena Lomanova NEWS.ru-ya açıqlamasında danışıb.
Mütəxəssis xüsusilə hidroxinon, formaldehid və triklozan tərkibli kosmetik məhsullardan istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edib.
Onun sözlərinə görə, kosmetik vasitələrin hazırlanmasında həm təbii, həm də sintetik maddələrdən istifadə olunur. Bu komponentlərin bir qismi məhsulun saxlanma müddətini uzadır, digərləri isə aktiv maddələrin təsirini gücləndirir. Lakin bəzi birləşmələr dəri üçün zərərli ola bilər.
Hidroxinon əsasən dəridəki piqment ləkələrini azaltmaq məqsədilə istifadə edilir. Həkimin sözlərinə görə, bu maddə dərinin nazilməsinə, allergik reaksiyalara və qoruyucu funksiyalarının zəifləməsinə səbəb ola bilər. Lomanova hidroxinondan uzunmüddətli istifadənin xərçəng riski ilə əlaqəli ola biləcəyini də bildirib.

Mütəxəssis formaldehid və onu ayıran konservantların bəzi krem və şampunların tərkibində olduğunu qeyd edib. Onun sözlərinə görə, bu maddələrlə təmas dəridə qızartı, qaşınma və qabıqlanma kimi allergik reaksiyalara yol aça bilər. Formaldehidin kanserogen xüsusiyyətləri də məlumdur.
Həkim triklozanın da mümkün mənfi təsirlərinə diqqət çəkib. Antibakterial xüsusiyyətlərinə görə kosmetik məhsullarda istifadə olunan bu maddənin dərinin mikrobiomuna təsir göstərə, faydalı bakteriyaların sayını azalda və təbii qoruyucu baryerini zəiflədə biləcəyini bildirib.
Lomanova kosmetik məhsul seçərkən onların tərkibinə diqqət yetirməyin vacibliyini vurğulayıb.

