Səudiyyə Ərəbistanının Yəməndəki husilərə hücumları dayandırmaq müqabilində 1 milyard dollar təklif etdiyi iddia olunur.
Bu barədə İsrailin “Israel Hayom” nəşri Fars körfəzi ölkələrindəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, razılaşma İranın vasitəçiliyi ilə müzakirə olunur.
Məlumata görə, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman danışıqlar aparmaq üçün Tehrana səfər edib.
Mənbələrdən biri nazirin 1 milyard dolları hərbi-nəqliyyat təyyarəsində özü ilə İrana apardığını iddia edib. Lakin Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri hər hansı vəsaitin köçürüldüyünü təsdiqləməyiblər.
İddia olunan razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı husilərin nəzarətindəki ərazilərdə dövlət qulluqçularının maaşlarının ödənilməsini və mülki infrastrukturun bərpasını maliyyələşdirəcək.
Bunun müqabilində husilərdən atəşkəsə əməl etmək və Səudiyyə Ərəbistanına hücumları dayandırmaq tələb olunur.
Hələlik tərəflər arasında yekun razılaşmanın əldə edildiyi və 1 milyard dolların ödənildiyi barədə rəsmi təsdiq yoxdur.

