Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima müəmmalı şəraitdə həyatını itirib.
Bu barədə “Tokyo Reporter” nəşri məlumat yayıb.
Laosda fəaliyyət göstərən LALCO lizinq şirkətinə rəhbərlik edən Oşimanın silahlı hücum nəticəsində öldürüldüyü iddia olunur.
Laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, oktyabrın 14-də saat 21:10 radələrində Oşima paytaxt Vyentyanda yerləşən yaşayış kompleksinin avtomobil dayanacağında güllələnib.
Fəal sosial şəbəkədə hadisə anını əks etdirdiyini iddia etdiyi müşahidə kamerası görüntülərini də paylaşıb.
Oktyabrın 19-da LALCO şirkətinin sosial şəbəkə hesabında Oşimanın ölümü barədə məlumat yayılsa da, ölüm səbəbi açıqlanmayıb. Daha sonra həmin paylaşım silinib.
Laos mediası və hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələlik rəsmi məlumat yaymayıblar.
Oşimanın hansı şəraitdə həyatını itirdiyi və silahlı hücum iddiasının doğruluğu hələlik rəsmən təsdiqlənməyib.

