Türkiyədə qayınanasının oğlan nəvə istədiyi üçün təzyiq göstərdiyini bildirən qadın yeni doğulmuş qızını boş əraziyə atdığını etiraf edib.
“Haber7” nəşrinin məlumatına görə, hadisə 2010-cu il dekabrın 9-da Kahramanmaraş vilayətində baş verib. Həmin gün boş ərazidə yeni doğulmuş körpənin meyiti aşkarlanıb.
Məhkəmə-tibbi ekspertizası körpənin boğulma nəticəsində həyatını itirdiyini müəyyən edib.
Uzun müddət açılmayan cinayət işi sonradan yenidən araşdırılmağa başlanıb. Prokurorluq və polis əməkdaşları 8369 nəfərlə bağlı məlumatları yoxlayaraq körpənin anasını, atasını və nənəsini saxlayıblar.
Dindirmə zamanı ana doğuşdan dərhal sonra qızını parçaya bükərək evlərinin yaxınlığındakı boş əraziyə qoyduğunu etiraf edib.
Qadın bu addımı qayınanasının ailədə oğlan uşağı dünyaya gəlməsini istəməsi və ona təzyiq göstərməsi ilə izah edib.
Məhkəmənin qərarı ilə körpənin anası həbs edilib.

