Braziliyada prezident seçkilərində məğlub olan keçmiş dövlət başçısı Jair Bolsonaronun oğlu, senator Flaviu Bolsonaronun ölkədən çıxışına qadağa qoyulub.
Məlumata görə, qərar oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turundan dərhal sonra qəbul edilib.
Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleksandre de Moraes çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində Bolsonaroya pasportlarını 24 saat ərzində təhvil verməyi əmr edib.
İstintaq zamanı senatorla vəkil Viller Tomas arasındakı mümkün maliyyə əlaqələri araşdırılır. Söhbət mərc platformaları və onlarla əlaqəli şirkətlər vasitəsilə həyata keçirildiyi iddia olunan şübhəli pul əməliyyatlarından gedir.
Məhkəmə Bolsonaronun ölkəni tərk etməsini və vəkil Viller Tomasla əlaqə saxlamasını da qadağan edib.
Bundan başqa, oktyabrın 23-də hakim Tomasla əlaqəli əmlak və hesablara 6 milyard Braziliya realınadək həbs qoyulması barədə qərar qəbul edib.
Flaviu Bolsonaro sosial şəbəkədə paylaşdığı videoda atasını ziyarət etdikdən sonra Federal Polis tərəfindən pasportlarını təhvil verməsi barədə bildiriş aldığını söyləyib.
Senator ölkədən getmək niyyətinin olmadığını bildirərək məhkəmə qərarına etiraz edib. O, qardaşı Eduardo Bolsonaronun seçkilərdə məğlub olacağı təqdirdə Braziliyanı tərk etməsi barədə çağırışının qərara təsir göstərdiyini iddia edib.
Qeyd edək ki, Braziliyada prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva qalib gəlib.

