Türkiyənin məşhur aktrisası, “Çalıkuşu” serialının unudulmaz Fəridəsi Aydan Şener 63 yaşında gənc görünməsinin sirrini açıqlayıb.
1981-ci ildə Türkiyə gözəli seçilən sənətçi bu dəfə gözəlliyi və estetik müdaxilələrlə bağlı açıqlamaları ilə diqqət çəkib.
“Habertürk”ün məlumatına görə, aktrisa qızı Ecəmlə birlikdə İstanbulun Etiler səmtindəki ticarət mərkəzlərindən birində görüntülənib.
Uzun müddətdir Sarıyerdə sakit həyat sürdüyünü bildirən Şener ticarət mərkəzlərinə nadir hallarda getdiyini, həmin gün isə qızı ilə telefon almağa çıxdığını söyləyib.

63 yaşlı aktrisa gənc görünüşünü qorumaq üçün xüsusi və mürəkkəb gözəllik prosedurlarına ehtiyac duymadığını bildirib.
“Özümə həddindən artıq qulluq edən biri deyiləm. Qidalanmama diqqət edirəm, gəzintiyə çıxıram və dəri baxımını unutmuram”, – deyə Şener bildirib.
Aktrisa estetik əməliyyatlarla bağlı sualları da cavablandırıb.
“Estetik əməliyyat etdirməmişəm, amma gələcəkdə bəlkə etdirərəm. Hələlik kiçik toxunuşlarla kifayətlənirəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, Aydan Şener 1981-ci ildə Türkiyə gözəli seçilib, daha sonra “Miss World” müsabiqəsində ölkəsini təmsil edib. Aktrisa 1986-cı ildə yayımlanan “Çalıkuşu” serialında canlandırdığı Fəridə obrazı ilə böyük şöhrət qazanıb.

