ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komiyə qarşı yeni cinayət ittihamları irəli sürmək üçün hüquqi prosedura başlayıb.
“Reuters” agentliyinin məlumatına görə, Komi milli müdafiəyə aid məxfi məlumatları qanunsuz ötürməkdə və onların yayılması məqsədilə digər şəxslərlə əlbir olmaqda ittiham olunur.
İstintaqın iddiasına əsasən, Komi 2016-cı il oktyabrın 5-də milli təhlükəsizliyə dair məlumatları onları əldə etmək səlahiyyəti olmayan şəxsə qəsdən ötürüb.
ABŞ Ədliyyə Nazirliyi ittihamlarla bağlı 10 illik müddətin başa çatmasının qarşısını almaq məqsədilə oktyabrın 5-də məhkəməyə xüsusi ittiham sənədi təqdim edib. Lakin sənəd hələ federal andlılar heyəti tərəfindən təsdiqlənməyib.
FTB-nin keçmiş direktoru ittihamları rədd edərək işə xitam verilməsini tələb edib. Onun vəkilləri hesab edirlər ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi sənəd qanunla nəzərdə tutulan müddət tələblərini ödəmir.
“Yenə qayıtdılar. Mənim mövqeyim dəyişməyib. Hələ də günahsızam. Bu insanlardan qorxmuram və müstəqil federal məhkəmə sisteminə inanmağa davam edirəm”, – deyə Komi sosial şəbəkədə bildirib.
O, ailəsi və vəkilləri ilə birlikdə ittihamlara qarşı məhkəmədə mübarizə aparacağını vurğulayıb.
Bu, Donald Tramp administrasiyasının Komini cinayət məsuliyyətinə cəlb etmək üçün üçüncü cəhdidir. Daha əvvəl onun Konqresə yalan ifadə verməsi ilə bağlı işə xitam verilib. Trampa qarşı təhdid xarakterli olduğu iddia edilən sosial şəbəkə paylaşımı ilə əlaqədar digər iş isə davam edir.
Xatırladaq ki, Tramp 2017-ci ilin mayında, FTB-nin Rusiya ilə onun seçki qərargahı arasında mümkün əlaqələri araşdırdığı dövrdə Komini vəzifəsindən azad etmişdi.

