Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Avqustun 17-də Bakıdan Xocavənd rayonunun Quzeyhırman və Güneyhırman kəndlərinə, eləcə də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə növbəti keçmiş məcburi köçkün qrupları yola salınacaq.
Bu mərhələdə Quzeyhırman kəndinə 18 ailə (82 nəfər), Güneyhırmana 21 ailə (103 nəfər), Kiçik Qaladərəsinə isə 11 ailə (39 nəfər) qayıdır.
Qeyd olunan yaşayış məntəqələrinə köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Doğma torpaqlarına qayıdan sakinlər dövlət tərəfindən göstərilən hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onlar torpaqlarımızı azad edən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə də təşəkkürlərini ifadə edib, bu yolda canından keçmiş hərbçilərin ruhuna dualar oxuyublar.

