Məşhur rejissor Frensis Ford Koppola maliyyə çətinlikləri səbəbindən şəxsi əşyalarını satışa çıxarıb.
DenMedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
“Xaç Atası” trilogiyasının müəllifi 6 dekabrda Phillips hərracında yeddi ədəd qol saatından ibarət şəxsi kolleksiyasını satışa çıxaracaq.
Auksionun əsas lotu – 2014-cü ildə Koppolanın isveçrəli saat istehsalçısı F.P. Journe ilə birlikdə hazırladığı modeldir. Bu saatlar cəmi bir neçə nüsxədə buraxılıb və hər biri təxminən 1 milyon dollar dəyərində qiymətləndirilir.
“Sadəcə bir az pul tapmalıyam ki, su üzündə qala bilim,” – deyə Koppola bildirib.
Rejissorun son filmi – “Megalopolis” (2024) – tamamilə öz vəsaiti hesabına çəkilib, lakin kassa gəliri istehsal xərclərini ödəməyib.
Koppola ümidini itirmir:
“Filmlərimin çoxu zaman keçdikcə dəyər qazanır,” – deyə o xatırladıb və “Apokalipsis indi” filmini nümunə göstərib. Həmin film ilk illərdə onu borca salsa da, sonradan 150 milyon dollar gəlir gətirib.

