ABŞ-ın Nyu-Meksiko ştatının Ədliyyə Departamentində hüquqşünas köməkçisi işləyən Ancel Ramires narkotik ticarətində iştirakda ittiham olunur.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, qadının Albukerke şəhərindəki evində aparılan axtarış zamanı 56 kiloqramdan çox narkotik vasitə, 29 odlu silah, döyüş sursatı və nağd pul aşkar edilib.
Müsadirə olunan maddələr arasında 43,75 kiloqram toz halında fentanil, 7,7 kiloqram fentanil həbi, 4,4 kiloqram heroin və ayrıca qabda saxlanılan təxminən bir kiloqram fentanil olub.
Prokurorluq bildirib ki, aşkar edilən 43,75 kiloqramlıq fentanil partiyası ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-Meksikodakı tarixində rekord göstəricidir.
Hüquq-mühafizə orqanları Albukerke şəhərini narkotik vasitələrlə təchiz etməkdə şübhəli bilinən cinayətkar qruplaşmanın fəaliyyətini araşdırarkən Ramiresin izinə düşüblər.
Oktyabrın 28-də federal hakim onun evində axtarış aparılmasına icazə verib. Ertəsi gün ünvana gələn əməkdaşlar evdə yalnız Ramiresin olduğunu müəyyən ediblər.
Qadın narkotik vasitələri satış məqsədilə saxlamaqda və narkotik cinayəti ilə əlaqədar silahdan istifadədə ittiham olunur. O, məhkəməyə qədər həbsdə saxlanılır.
Təqsiri sübuta yetirilərsə, Ramiresi 15 ildən ömürlük həbsədək cəza gözləyir.

