Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, fasilələr transformator yarımstansiyalarında aparılacaq planlı təmir işləri ilə əlaqədardır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsinin, Moskva prospektinin və Birinci Alatava yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Əli Vəliyev küçəsinin və Qara Qarayev prospektinin bəzi ərazilərində işıq kəsintisi gözlənilir.
Qurumdan bildirilib ki, təmir və yoxlama işləri elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi və artan tələbatın qarşılanması məqsədilə həyata keçirilir.
İşlər başa çatdıqdan sonra həmin ərazilərdə elektrik enerjisinin daha dayanıqlı və keyfiyyətli təchizatı təmin ediləcək.

