ABŞ-da ölüm hökmünün icrasından sağ çıxan Krista Paykın vəkillərinin baş verə biləcək ağır fəsadlar barədə hələ doqquz ay əvvəl xəbərdarlıq etdikləri məlum olub.
“People” nəşrinin məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, müdafiə tərəfi 2026-cı ilin yanvarında məhkəməyə müraciət edərək qadının nadir qan xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Vəkillər qeyd ediblər ki, qanda trombositlərin həddindən artıq çox olması edam zamanı ağır ağciyər ödemi riskini artırır. Bundan başqa, qadının damarına iynə yeridilməsində əvvəllər də çətinliklər yaranıb.
Müdafiə tərəfi xüsusi iynələrdən istifadə edilməsini və zəruri hallarda təcili tibbi yardım tədbirlərinin görülməsini tələb edib.
Sentyabrın 30-da Payka iki doza ölümcül preparat vurulsa da, qadın sağ qalıb. Baş tutmayan edamdan sonra o, xəstəxanaya yerləşdirilib.
1995-ci ildə törədilmiş qətlə görə ölüm cəzasına məhkum olunan qadın sonradan verdiyi açıqlamada hadisədən bəri davamlı fiziki ağrılar və mənəvi sarsıntılar yaşadığını bildirib.
Vəkilləri isə edamdan əvvəl etdikləri xəbərdarlıqların baş verən ağır nəticələrin qarşısını almaq məqsədi daşıdığını vurğulayıblar.

