İnsanlar yaxınlarının şəxsi münasibətlərinə dair məsləhət verməyə tələsməməlidirlər. Bəzən qarşı tərəfin ehtiyacı problemin həlli deyil, sadəcə dinlənilmək və başa düşülməkdir.
Bu barədə NEWS.ru-ya psixoloq Olqa Romaniv danışıb.
Mütəxəssisin sözlərinə görə, kimsə münasibətlərində yaşadığı çətinlikləri bölüşəndə dərhal çıxış yolu göstərməyə çalışmaq düzgün deyil.
“Bəzən insan nə edəcəyini soruşsa da, əslində sadəcə dərdini bölüşmək istəyir. Məsləhət verməzdən əvvəl onun həqiqətən köməyə ehtiyacı olub-olmadığını öyrənmək lazımdır”, – deyə psixoloq bildirib.

Romaniv qeyd edib ki, insan güclü emosiyalar yaşadığı zaman da məsləhət verməyə tələsmək olmaz. Kədər, qəzəb və ya panika vəziyyətində olan şəxsin məntiqli arqumentləri qəbul etməsi çətinləşir.
Psixoloqun fikrincə, insan artıq qərarını veribsə, onu başqa istiqamətə yönəltməyə çalışmaq əvəzinə anlayış göstərmək daha məqsədəuyğundur.
Mütəxəssis tibbi, maliyyə və hüquqi məsələlərdə kifayət qədər biliyi olmayan şəxslərin məsləhət verməsini də düzgün hesab etmir. Çünki xoş niyyətlə deyilən sözlər belə xoşagəlməz nəticələrə səbəb ola bilər.
“İnsan bəzən məsləhət deyil, onu anlayan birinin yanında olduğunu hiss etmək istəyir”, – deyə Romaniv fikrini tamamlayıb.

