Həddindən artıq isti su ilə duş qəbul etmək dərinin təbii qoruyucu qatını zədələyə və infeksiya riskini artıra bilər.
Bu barədə dermatoloq Yuliya Qallyamova “Gazeta.Ru” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, isti su dərinin səthindəki qoruyucu yağ qatını yuyaraq onun təbii müdafiəsini zəiflədir. Xüsusilə sabun və digər yuyucu vasitələrlə birlikdə istifadə edildikdə bu təsir daha da güclənir.
Ən böyük risk uşaqlar, yaşlılar, eləcə də quru və allergiyaya meyilli dərisi olan şəxslər üçün yaranır. Bu insanlarda dərinin qoruyucu su-lipid təbəqəsi daha nazik olur.

Mütəxəssis həmin şəxslərə isti sudan uzaq durmağı və ya isti duşun müddətini beş dəqiqədən çox uzatmamağı tövsiyə edib.
Dermatoloqun sözlərinə görə, dəri problemi olmayan gənclər, xüsusilə yağlı dərisi olanlar üçün isti duş adətən əks-göstəriş hesab edilmir.
Həkim yuyunmaq üçün suyun optimal temperaturunun 38–40 dərəcə olduğunu bildirib.

