Türkiyədə televiziya sektorunda reklam gəlirlərinin azalması serialların yayımına ciddi təsir göstərməyə başlayıb. Telekanallar maliyyə çətinlikləri səbəbindən bəzi məşhur serialların yeni bölümlərini təxirə salırlar.
Türkiyə mediasının məlumatına görə, ötən həftə altı serialın yeni bölümü yayımlanmayıb. Noyabrın 3-də keçirilən “Qalatasaray”–“Ştutqart” futbol qarşılaşması zamanı isə daha dörd ekran işinin yeni bölümü tamaşaçılara təqdim olunmayıb.
Əsas səbəb reklam bazarında yaranan ciddi geriləmədir.
Jurnalist Birsen Altuntaşın məlumatına görə, oktyabr ayında Türkiyə telekanallarının reklam gəlirləri son 30 ilin ən aşağı səviyyəsinə düşüb. Hər saat üçün nəzərdə tutulan 12 dəqiqəlik reklam bloklarının yalnız 60 faizi dolub, qalan 40 faizi isə boş qalıb.
Bu vəziyyət yüksək büdcəli serialların istehsalını daha da çətinləşdirib. Kanallar gəlirlərin azalması fonunda prodüserlərdən çəkiliş xərclərini azaltmağı tələb ediblər.
Noyabrın 3-də TRT 1-də yayımlanan “Qalatasaray”–“Ştutqart” matçı səbəbindən “Mehmed: Fetihler Sultanı” serialının yeni bölümü efirə getməyib. Eyni zamanda Kanal D-də “Haysiyet”, NOW-da “Anne Yarısı”, Star TV-də isə “Tuzlu Kahve” seriallarının yayımına fasilə verilib.

Məlumata görə, telekanallar reklam gəlirlərində artım olmadığı təqdirdə futbol qarşılaşmaları və xüsusi tədbirlərin keçirildiyi günlərdə serialların yeni bölümlərini yayımlamamaq qərarına gəliblər.
Bununla belə, yeni bölümlərin təxirə salınması serialların tamamilə dayandırılması demək deyil. Hazırda söhbət ayrı-ayrı ekran işlərinin yayım cədvəlində edilən dəyişikliklərdən gedir.
Televiziya sektorunda yaranan vəziyyət həm telekanallar, həm də prodüserlər üçün maliyyə xərclərinin yenidən nəzərdən keçirilməsini aktuallaşdırıb.

