Sabah qəzetinin məlumatına görə, İstanbul məhkəməsi şəhərin Bosfor sahilindəki dəbdəbəli rayonlarından birində yerləşən tarixi malikanənin mülkiyyət hüquqlarını çar Rusiyasının diplomatının varislərinə vermək barədə qərar qəbul edib. Məhkəmə çəkişməsi 17 il davam edib. Obyektin təxmini dəyəri 1,5 milyard dollar təşkil edir.
Rusiya səfirliyini təmsil edən diplomat Nikolay İsveçin malikanənin və onu əhatə edən təxminən 10 hektarlıq ərazinin sahibi olub. O, 1868-ci ildə bu torpaqları fransız ailəsindən satın alıb. Bir müddət həmin obyektdə Rusiya diplomatik missiyasının əməkdaşları yerləşib.
1917-ci il inqilabından sonra obyektin hüquqi statusu qeyri-müəyyənləşdiyindən mülkiyyət hüququ ilə bağlı problemlər yaranıb. Sonralar Rusiya binanı icarəyə götürsə də, onu birbaşa öz adına rəsmiləşdirə bilməyib. 1950-ci il kadastr sənədlərində mülkün sahibi kimi İsveçin göstərilib. Daha sonra onun Fransada yaşayan varislərinin olduğu müəyyənləşdirilib.

2022-ci ildə aparılmış torpaq ölçmə işlərinin nəticələrinə əsasən, malikanə diplomatin üç varisinə keçib.

