Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan hakimiyyətini qadınların təhsil almasına və işləməsinə mane olan məhdudiyyətləri ləğv etməyə razı salmağa çalışır. Bu barədə BMT-nin baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini və təşkilatın humanitar koordinatoru İndrika Ratvatte “RIA Novosti”yə müsahibəsində bildirib.
Rəsmiyə görə, hazırkı siyasət qəbuledilməzdir, çünki o, əfqan qadınlarının cəmiyyətdə iştirakına və ölkənin iqtisadi inkişafına töhfə verməsinə mane olur.
“Mən daimi şəkildə de-fakto hakimiyyətə bu məhdudiyyətləri aradan qaldırmaq çağırışı ilə müraciət edirəm,” — deyə Ratvatte vurğulayıb.
Onun sözlərinə görə, Əfqanıstan hökumətinin 2022 və 2023-cü illərdə qəbul etdiyi fərmanlar qadınların əvvəlcə qeyri-hökumət təşkilatlarında, daha sonra isə BMT qurumlarında işləməsini qadağan edib. Qadınlara orta və ali təhsil almaq da yasaqlanıb. Bununla belə, Ratvatte qeyd edib ki, təhsil və səhiyyə sahəsində çalışan qadınlar üçün istisnalar tətbiq olunur.

