Böyük Britaniyada Leyborist Partiyasının daxilində baş nazir Kir Starmeri vəzifədən uzaqlaşdırmaq üçün gizli plan qurulduğu bildirilir, — BBC hökumətə yaxın mənbələrə istinadən xəbər verir.
Məlumata görə, partiyadakı bəzi deputatlar Starmerin yerinə mümkün namizədlər kimi səhiyyə naziri Ues Stritinq və daxili işlər naziri Şabana Məhmutu müzakirə edirlər.
BBC-nin mənbələri iddia edir ki, Starmeri devirməyə cəhd yaxın günlərdə baş verə bilər. Qiyam tərəfdarlarının 26 noyabrdan sonra, maliyyə nazirinin vergi artımı ilə bağlı büdcə çıxışı zamanı hərəkətə keçəcəkləri ehtimal olunur.
Mənbələrə görə, belə intriqalar Leyborist Partiyasını xaosa sürükləyə, beynəlxalq bazarları sarsıda və Starmerin ABŞ prezidenti Donald Tramp ilə qurduğu yaxşı münasibətləri təhlükəyə sala bilər.
Qeyd edək ki, 8 noyabrda Daily Mail Starmerin 2026-cı ilin yayına qədər etimadı itirdiyi üçün istefa verə biləcəyini yazmışdı.

