Braziliya prezidenti Luis İnasiu Lula da Silva rəsmi dövlət sənədlərində “gender-neytral dilin istifadəsini qadağan edən” qanunu imzalayıb.
Bu barədə CNN Brasil məlumat yayıb.
Qanundan əvvəl bəzi dövlət qurumları klassik portuqal dilinə uyğun olmayan, özünü kişi və ya qadın kimi müəyyənləşdirməyən şəxslərə xitab etmək üçün yaradılmış dəyişdirilmiş ifadələrdən istifadə edirdilər. Yeni qanun həmin terminologiyanı tam şəkildə yasaqlayır.
Sənədlərə əsasən, dövlət orqanları yalnız klassik portuqal dilinin qrammatik normalarına uyğun ifadələrdən istifadə etməlidir. Həmçinin, rəsmi yazışmalarda jarqon və xarici terminlərdən yayınmaq tələb olunur.
“Gender-neytral dil rəsmi sənədlərdən tamamilə çıxarılır və yalnız klassik portuqal dili normaları tətbiq olunmalıdır”, — deyə qanunun izahatında bildirilir.
Avqustun 11-də isə xəbər verilmişdi ki, Avstriya ilk dəfə olaraq gender-neytral xarici pasport təqdim edib – burada cins “kişi” və ya “qadın” deyil, “X” kimi göstərilir.

