Bolqarıstanın Konstitusiya Məhkəməsi prezident vəzifəsindən istefa verilməsi ilə bağlı Rumen Radevin müraciətini təsdiqləyib.
Bu barədə Bolqarıstanın nova.bg portalı məlumat yayıb. İndi isə konstitusiyaya uyğun olaraq onun yerini vitse-prezident İliyana Yotova tutacaq və bununla da respublika tarixində dövlət başçısı postunu tutan ilk qadın olacaq.
Bolqarıstanın Konstitusiya Məhkəməsi qərara alıb ki, Rumen Georgiev Radevin — Bolqarıstan Respublikasının prezidentinin — səlahiyyətləri istefa faktı təsdiqləndikdən sonra vaxtından əvvəl dayandırılır. Qərar yekdilliklə qəbul edilib və bu gün, 23 yanvar tarixindən qüvvəyə minib, — deyə məhkəmənin məlumatında bildirilir.
Materialda qeyd olunur ki, məhkəmənin vəzifəsi yalnız dövlət başçısının istefasının onun şəxsi iradəsinin ifadəsi olduğunu, hər hansı təzyiq nəticəsində qəbul edilmədiyini müəyyən etməkdən ibarət olub. Bu, impiçment proseduru olmadığı üçün prezidentin məhkəmə iclasında iştirakı və ya araşdırmanın aparılması tələb olunmur.

