Evdə gündəlik istifadə olunan bəzi məişət vasitələri və əşyalar müəyyən kimyəvi maddələrə məruzqalmanı artıraraq xərçəng riskinə təsir göstərə bilər.
Bu barədə həkimlər Cey Lutar və Deril Eber Health nəşrinə açıqlamalarında bildiriblər.
Cey Lutarın sözlərinə görə, güclü təsirə malik məişət təmizləyiciləri, kəskin ətirli yuyucu vasitələr və elektrikli hava təravətləndiriciləri tərkiblərindəki bəzi kimyəvi maddələr səbəbindən potensial təhlükə yarada bilər.
Mütəxəssis qeyd edib ki, bu vasitələrdən istifadəni tamamilə dayandırmaq vacib deyil. Lakin gündəlik təmizlik zamanı daha sadə, ətirsiz məhsullara üstünlük vermək, güclü dezinfeksiya vasitələrindən isə ehtiyac yarandıqda istifadə etmək məqsədəuyğundur.
Digər həkim Deril Eber isə havalandırma sistemi işlədilmədən yüksək temperaturda istifadə olunan qaz plitələri və sobaların yaratdığı risklərə diqqət çəkib.
Onun sözlərinə görə, qazın yanması nəticəsində qapalı məkanın havasına benzol kimi kanserogen maddələr yayıla bilər. Buna görə də yemək bişirərkən aspiratorun işlədilməsi və mətbəxin havalandırılması tövsiyə olunur.
Mütəxəssis həmçinin DSP, faner və digər kompozit ağac materiallarından hazırlanan mebellərin tərkibinə diqqət yetirməyi məsləhət görüb.
Belə məhsulların istehsalında istifadə olunan bəzi yapışdırıcı maddələrdən formaldehid ayrıla bilər. Bu maddəyə yüksək və ya uzunmüddətli məruzqalma bəzi xərçəng növləri ilə əlaqələndirilir.
Həkim mebel alarkən əlavə formaldehid istifadə olunmadan hazırlanmış məhsullara üstünlük verməyi tövsiyə edib.
Cey Lutarın sözlərinə görə, ləkəyə və suya davamlı örtüklərlə işlənmiş divan və xalçalar da diqqət tələb edir. Bu məhsullarda uzun müddət parçalanmadan qala bilən PFAS qrupuna aid kimyəvi maddələrdən istifadə oluna bilər.
Həmin maddələrdən biri olan perflüorooktan turşusu (PFOA) kanserogen kimi təsnif edilir.

Bununla belə, mütəxəssis vurğulayıb ki, belə maddənin müəyyən məhsulun tərkibində olması həmin divan və ya xalçanın mütləq xərçəngə səbəb olacağı demək deyil.
O, xüsusilə uşaqların istifadə etdiyi və yatmaq üçün nəzərdə tutulan məhsullarda pambıq, yun və kətan kimi təbii parçalara üstünlük verməyi məsləhət görüb.
Mütəxəssislərin fikrincə, əsas məqsəd gündəlik həyatda potensial zərərli kimyəvi maddələrlə təması mümkün qədər azaltmaqdır.

