ABŞ Rusiya qazının Ukrayna ərazisindən keçməklə boru kəmərləri vasitəsilə Avropaya nəqlinin tezliklə bərpa olunmasını istəyir.
Bu barədə The Wall Street Journal (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, təşəbbüs ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner tərəfindən sentyabr ayında Moskva və Kiyevə səfərləri zamanı irəli sürülüb.
Təklifə əsasən, Rusiya qazının Avropaya Amerika vasitəçisi üzərindən satılması nəzərdə tutulur. Bu mexanizmin Avropa sanksiyalarından yan keçməyə imkan yaradacağı bildirilir.
WSJ-nin məlumatına görə, Vaşinqton bu ideyanı Avropa liderlərinə qış ərəfəsində qaz ehtiyatlarının rekord dərəcədə azalması fonunda enerji qiymətlərini aşağı salmaq vasitəsi kimi təqdim etməyə çalışıb.
Bununla yanaşı, Ağ Ev Rusiya qazının satışından əldə ediləcək vəsaitin üçüncü tərəfin yurisdiksiyasında olan xüsusi eskrou hesabında saxlanılmasını təklif edib.
Belə hesabda vəsait razılaşdırılmış şərtlər yerinə yetirilənədək nəzarət altında saxlanılır.
Nəşr həmçinin yazır ki, Vaşinqton “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpası imkanını da nəzərdən keçirir.
ABŞ tərəfi bu addımı təkcə Ukrayna münaqişəsinin nizamlanmasına deyil, həm də Rusiya ilə ABŞ-nin Avropadakı müttəfiqləri arasında uzun illərdir davam edən fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlmiş daha geniş razılaşmanın mühüm tərkib hissəsi kimi qiymətləndirir.

