Telegram-in yaradıcısı Pavel Durov bildirib ki, İspaniya hakimiyyətinin təklif etdiyi yeni qaydalar rəqəmsal azadlıqları təhlükə altına alır. O, öz kanalında yazıb ki, bu normalar “təhlükəsizlik” adı altında istifadəçilərə qarşı kütləvi nəzarətə yol aça bilər.
Durovun sözlərinə görə, söhbət qoruyucu tədbirlərdən getmir, bu addımlar tam nəzarətə doğru atılan mərhələlərdir. O qeyd edib ki, oxşar ssenarilər əvvəllər də müşahidə olunub: hökumətlər “təhlükəsizlik” anlayışından tənqidçiləri susdurmaq üçün istifadə ediblər. Durov vurğulayıb ki, Telegram üçün əsas prioritet məxfilik və azadlıqdır – güclü şifrələmə, arxa qapıların olmaması və sui-istifadələrə qarşı müqavimət.
Məlumata görə, təklif olunan qaydalara 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrin qadağan edilməsi, platforma rəhbərləri üçün cinayət məsuliyyəti, eləcə də “zərərli məzmun”a qarşı alqoritmik nəzarətin sərtləşdirilməsi daxildir.

