Amerikalı iş adamı İlon Mask Forbes jurnalının versiyasına görə dünyanın ən varlı insanları siyahısında ardıcıl ikinci dəfə birinci yeri tutub. Siyahı nəşrin rəsmi saytında dərc olunub.
Məlumata görə, İlon Maskın sərvəti 839 milyard dollar qiymətləndirilir. Bu isə ötən illə müqayisədə təxminən iki yarım dəfə çoxdur.
Mask ilk dəfə bu reytinqə 2022-ci ildə, ikinci dəfə isə 2025-ci ildə başçılıq edib.
Yeni siyahıda İlon Maskdan sonra Google-un həmtəsisçilərindən biri Larri Peyc ikinci yerdə qərarlaşıb. Onun sərvəti 257 milyard dollar qiymətləndirilir. Üçüncü yerdə isə onun biznes tərəfdaşı Sergey Brin yer alıb və onun sərvəti 237 milyard dollar təşkil edir.
Amazon şirkətinin qurucusu Ceff Bezos isə 2016-cı ildən sonra ilk dəfə TOP-3-lüyə düşə bilməyib. Onun sərvəti ötən il 215 milyard dollardan 224 milyard dollara yüksəlsə də, bu göstərici ona yalnız dördüncü yeri təmin edib.
Beşinci yerdə isə Meta şirkətinin qurucusu Mark Zukerberq qərarlaşıb. Forbesin məlumatına görə, onun sərvəti 222 milyard dollara çatıb. 2025-ci ildə Zukerberqin sərvəti 216 milyard dollar qiymətləndirilmiş və o, həmin vaxt dünyanın ən varlı insanları siyahısında ikinci yeri tutmuşdu.

