ABŞ-ın birinci xanımı Melaniya Tramp Belarus prezidenti Aleksandr Lukaşenkoya müraciət edərək ondan Rusiya lideri Vladimir Putinlə itkin düşmüş ukraynalı uşaqların taleyini müzakirə etməyi xahiş edib. Bu barədə BelTA agentliyi məlumat yayıb.
Lukaşenko jurnalistlərə bildirib ki, Melaniya ona “müharibə nəticəsində Rusiyada itib-batdığı iddia olunan uşaqların siyahısını” təqdim edib. O, növbəti şəxsi görüş zamanı bu məlumatları Putinə çatdırmağa hazır olduğunu deyib.
“Əgər Melaniya xahiş edirsə, (bu, onun vaxtilə uşaqlarla bağlı Putinə göndərdiyi məktubun davamıdır), mən bu mövqeni böyük qardaşıma çatdıraram, problem yoxdur”, – deyə Lukaşenko bildirib.
Eyni zamanda, Belarus lideri təqdim olunan siyahıların etibarlılığına şübhə ilə yanaşdığını və Kiyevin bu məsələnin həllində nə dərəcədə maraqlı olduğunu sual altına aldığını vurğulayıb.

