Almaniya Daxili İşlər Nazirliyi “Taliban” hərəkatının nümayəndələri ilə qapalı danışıqlar aparıb. Bu barədə “Bild am Sonntag” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqların məqsədi təhlükəli cinayətkar hesab olunan əfqanların deportasiyasının genişləndirilməsi olub. Görüşün “texniki işçi səviyyədə” keçirildiyi bildirilir.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt nəşrə açıqlamasında bildirib ki, Əfqanıstana cinayətkarların deportasiyası müntəzəm şəkildə həyata keçiriləcək.
“Bizim müdafiəmizdən sui-istifadə edən və burada ağır cinayətlər törədən şəxslər gələcəklərini öz vətənlərində axtarmalıdırlar. Cəmiyyətimiz cinayətkarların ölkəni tərk etməsində maraqlıdır”, - deyə Dobrindt bildirib.
Məlumata əsasən, tərəflər Almaniyadan Kabula çarter reyslərinin sayının artırılmasını da müzakirə ediblər. Gələcəkdə ayda 3 reysə qədər uçuşun təşkili planlaşdırılır.
Qeyd olunur ki, 2026-cı il ərzində indiyədək yalnız 3 deportasiya reysi həyata keçirmək mümkün olub.
Hazırda Almaniyanın həbsxanalarında və müvəqqəti saxlama mərkəzlərində dövlət təhlükəsizliyinə qarşı cinayətlər, zorlama və narkotik ticarətinə görə məhkum edilmiş ən azı 100 əfqanıstanlı saxlanılır.

