Fransa Prezidenti Emmanuel Makron silahlı qüvvələrə mülki təhlükəsizliyin gücləndirilməsi üçün səfərbər olunmaq barədə göstəriş verib. Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Telekanalın Yelisey sarayındakı mənbələrə istinadən verdiyi xəbərə görə, Makron baş nazirə idarələrarası böhran qərargahını aktivləşdirməyi, silahlı qüvvələrə isə mülki təhlükəsizliyin maksimum səviyyədə gücləndirilməsi üçün səfərbər olunmağı tapşırıb.
Makron cümə gününə keçən gecə Avropa Komissiyasına müraciət edərək Fransa üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini istəyib.
Avropa Komissiyasının məlumatına görə, RescEU donanmasına daxil olan üç təyyarə və iki helikopter Fransanın cənub-qərbinə, əsasən Jironda departamentinə göndərilib. Yanğın ərazilərinin operativ xəritələndirilməsi üçün Avropa İttifaqının “Copernicus” peyk xidməti də aktivləşdirilib.
“Le Figaro” Jirondadakı meşə yanğınını Fransada son 50 ilin ən dağıdıcı yanğını adlandırıb.
Yanğın hələ də nəzarət altına alınmayıb. 110 min nəfərin təxliyəsinə ehtiyac yarandığı, yanğının əhatə etdiyi ərazinin isə 14 min hektarı keçdiyi bildirilir.

