İsveçrədə aparılan qida təhlükəsizliyi yoxlamaları zamanı “Kızılay” markasına məxsus iki müxtəlif mədən suyunda icazə verilən həddən artıq bor aşkarlanıb.
İsveçrə rəsmilərinin məlumatına görə, bununla əlaqədar məhsulların bazardan geri çağırılması və satışdan çıxarılması barədə qərar qəbul edilib. İstehlakçılara həmin mədən sularını içməmək və aldıqları mağazalara qaytarmaq tövsiyə olunub.
Qərarın İsveçrədə qüvvədə olan qida təhlükəsizliyi normalarına əsasən verildiyi bildirilib. Yoxlamalar zamanı iki məhsuldakı bor miqdarının ölkə qanunvericiliyində müəyyən edilmiş yuxarı həddi keçdiyi qeyd olunub.

İsveçrə daha əvvəl də eyni səbəbdən Türkiyədən gətirilən “Beypazarı” və “Sırma” markalı bəzi mədən sularını geri çağırmışdı. Həmin məhsullarda da normadan yüksək bor səviyyəsi müəyyən edilmişdi.
Rəsmilər vurğulayıblar ki, qərar yalnız yoxlamada uyğunsuzluq aşkarlanan məhsullara şamil olunur.

