IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki mərhələsinin nəticələrinin cəminə görə ən yüksək göstərici qeydə alınıb. Maksimum 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə bu ilin ən yüksək nəticəsinə imza atıb.
Bu barədə məzunun özü DenazTV-yə danışıb.
Samir Tağızadə göstərdiyi mükəmməl nəticə ilə ölkə üzrə IV ixtisas qrupunun lideri olub. Bu uğur onun uzunmüddətli zəhmətinin, əzmkarlığının və məqsədyönlü hazırlığının nəticəsi kimi qiymətləndirilir. Gənc məzun gələcək planlarından danışarkən bildirib ki, əsas arzusu həkim olmaq və insanların sağlamlığı keşiyində dayanmaqdır.
Atası Hikmət Tağıyev qeyd edib ki, 700 bal nəticəsi ali məktəblərə qəbul imtahanlarında əldə edilə biləcək ən yüksək göstəricidir və bu uğur yalnız yüksək bilik, ciddi hazırlıq və böyük iradə tələb edir.
Tağızadə Samir Hikmət oğlunun qazandığı rekord nəticə həm Sumqayıt şəhəri, həm də ölkənin təhsil ictimaiyyəti üçün qürurverici hadisə kimi dəyərləndirilir. Onun uğuru minlərlə abituriyent üçün motivasiya mənbəyi olmaqla yanaşı, zəhmət və məqsədyönlülüyün böyük nailiyyətlərə aparan əsas yol olduğunu bir daha nümayiş etdirir.
Nizami Rəsulov
Denmedia.az

