Hər bir dövlətin elmə münasibəti yalnız qəbul etdiyi qərarlarla deyil, həm də həmin qərarların nəticəsində formalaşdırılmış elmi potensialın necə qorunması ilə ölçülür.Azərbaycan Respublikasında son illər elm və təhsil sahəsində həyata keçirilən institusional islahatlar ölkənin elmi potensialının gücləndirilməsinə, tədqiqat mühitinin müasirləşdirilməsinə və elmi müəssisələrin fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli 545 nömrəli "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı da məhz bu strateji yanaşmanın hüquqi əsasını təşkil edir.
Həmin sərəncam əsasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu birləşdirilərək yeni Coğrafiya İnstitutu yaradılmış, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun istifadəsində olmuş inzibati bina isə yeni institutun balansına verilmişdir. Bununla dövlət yalnız iki elmi müəssisəni birləşdirməmiş, həm də yeni yaradılmış institutun müasir maddi-texniki baza üzərində fəaliyyət göstərməsini təmin etmişdir.
Bu gün həmin binaya yalnız inzibati tikili kimi baxmaq düzgün olmazdı. Burada illər ərzində dövlət vəsaiti hesabına laboratoriyalar yaradılmış, elmi avadanlıqlar quraşdırılmış, kitab və xəritə fondları formalaşdırılmış, müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların aparılması üçün zəruri infrastruktur yaradılmışdır. Müasir elmdə belə bir bazanın formalaşdırılması uzun illər və ciddi dövlət investisiyası tələb edir. Buna görə də onun qorunması yalnız bir müəssisənin deyil, bütövlükdə dövlətin elmi potensialının qorunması deməkdir.
Son dövrlərdə Coğrafiya İnstitutunun balansında olan bu binanın gələcək istifadəsi ilə bağlı yaranmış vəziyyət elmi ictimaiyyətdə narahatlıq doğurur. Bu məsələ artıq yalnız inzibati qərar çərçivəsində qiymətləndirilə bilməz. Çünki söhbət yüzlərlə alimin fəaliyyət göstərdiyi, dövlət proqramlarının, fundamental və tətbiqi tədqiqatların, doktorant hazırlığının və beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirildiyi elmi mühitdən gedir.
Məlum olduğu kimi, institut əməkdaşlarına fəaliyyətlərini başqa məkanda davam etdirmək imkanının nəzərdən keçirildiyi bildirilsə də, belə bir həll mövcud elmi infrastrukturun tam şəkildə qorunmasını təmin etmir. Elmi infrastruktur bir neçə otaqdan ibarət deyil; o, laboratoriyaların, avadanlıqların, kitab fondlarının və illərlə formalaşmış elmi mühitin vəhdətidir. Onun parçalanması elmi fəaliyyətin səmərəliliyinə birbaşa təsir göstərir.Elmi laboratoriyalar, xüsusi təyinatlı avadanlıqlar, zəngin kitab və xəritə fondları, informasiya bazaları və digər maddi-texniki resurslar elmi fəaliyyətin ayrılmaz hissəsidir. Onlardan ayrı düşmüş institutun əvvəlki səviyyədə fəaliyyət göstərməsi obyektiv olaraq çətinləşir.
Burada söhbət hansısa binaya qayıdışdan və ya ayrıca iş otaqlarının təmin edilməsindən getmir. Elmi müəssisənin əsas ehtiyacı onun funksional fəaliyyətini təmin edən vahid elmi mühitin qorunmasıdır. Müasir tədqiqat institutu yalnız əməkdaşların yerləşdiyi otaqlardan ibarət deyil; onun dəyəri laboratoriyaların, elmi fondların, texniki təminatın və uzun illər ərzində formalaşmış akademik mühitin bütövlüyündədir.
Məsələnin digər mühüm tərəfi isə ondan ibarətdir ki, bu gün Coğrafiya İnstitutunda fəaliyyət göstərən alimlər yalnız bir elmi müəssisənin əməkdaşları deyil, ölkənin coğrafiya, geologiya, torpaqşünaslıq, kartoqrafiya, geoinformasiya sistemləri, iqlim dəyişmələri və ətraf mühit üzrə elmi potensialını təmsil edən mütəxəssislərdir. Onların normal elmi fəaliyyət şəraitinin qorunması bütövlükdə Azərbaycan elminin maraqlarına xidmət edir.
Azərbaycan dövlətinin elmə münasibəti həmişə strateji xarakter daşımışdır. Son illər həyata keçirilən islahatlar da bunu bir daha təsdiq edir. Məhz buna görə də inanmaq istərdik ki, yaranmış vəziyyət bütün aspektləri ilə obyektiv qiymətləndiriləcək, qəbul ediləcək qərarlarda Prezidentin müəyyən etdiyi elm siyasətinin məqsədləri, dövlət vəsaiti hesabına yaradılmış elmi infrastrukturun qorunması, elmi fəaliyyətin fasiləsizliyi və dövlət maraqları əsas meyar kimi götürüləcəkdir.
Bu gün müzakirə olunan məsələ yalnız bir binanın istifadəsi ilə bağlı inzibati qərar deyil. Bu, dövlətin uzun illər ərzində formalaşdırdığı elmi potensialın, yaradılmış maddi-texniki bazanın və elmi məktəbin gələcək inkişafının necə qorunacağı ilə bağlı məsələdir. Hər bir uğurlu islahat yalnız qəbul edilən qərarlarla deyil, həmin qərarların ruhuna və məqsədinə uyğun şəkildə həyata keçirilməsi ilə öz real nəticəsini verir. Məsələ gələcək ehtimallardan deyil, artıq başlamaq üzrə olan prosesdən gedir. İnstitut əməkdaşlarına istifadə etdikləri binanı tərk etmələri bildirilib. Bu vəziyyət elmi kollektivdə ciddi narahatlıq yaradıb. Ona görə də məsələ baş verdikdən sonra deyil, məhz indi ictimai müzakirəyə çıxarılmalıdır. Çünki elmi infrastruktur dağıldıqdan sonra onu əvvəlki vəziyyətinə qaytarmaq çox çətin, bəzən isə mümkün olmur. Elmi bina köçürmək mümkündür, lakin onilliklər ərzində formalaşmış elmi mühiti köçürmək mümkün deyil. Məhz buna görə də elmi infrastrukturun qorunması hər bir uğurlu elm siyasətinin əsas şərtlərindən hesab olunur. Coğrafiya İnstitutunun elmi bazasının qorunması bu gün yalnız bir elmi müəssisənin marağı deyil, dövlətin həyata keçirdiyi elm siyasətinin ardıcıllığının və səmərəliliyinin qorunması məsələsidir.
Natiq Babayev
Coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent

