Fransada sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər xəsarət alıb.
BFMTV-nin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, qəza sentyabrın 11-də saat 19:30 radələrində Kleon və Turvil-la-Rivyer şəhərləri yaxınlığında baş verib.
Yaralananlar arasında 18 yaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir. O, təcili olaraq Ruan Universitet Xəstəxanasına çatdırılıb. Digər yaralıların xəsarətlərinin daha yüngül olduğu qeyd olunur.
Polis mənbəsinin məlumatına görə, qatar naməlum obyektlə toqquşub. Nəticədə bir vaqon aşıb, daha dörd vaqon isə relsdən çıxıb.
Hadisə yerinə 120 yanğınsöndürən cəlb olunub. Qəzadan sonra maşinist alkoqol və narkotik maddələrin təsiri ilə bağlı standart testlərdən keçirilib və nəticələrin hamısı mənfi çıxıb.
Hadisənin səbəbləri Ruanın cinayət araşdırmaları bölməsi tərəfindən araşdırılır.
Fransanın nəqliyyat naziri Filipp Tabaro əvvəlcə təxminən 20 nəfərin xəsarət aldığını bildirmişdi və vəziyyəti izlədiyini qeyd etmişdi.

