Türkiyəli aktrisa Melisa Döngel İstanbulda yol hərəkəti zamanı silahlı təhdidlə üzləşib.
NTV-nin məlumatına görə, hadisə sentyabrın 9-da İstanbulun Sarıyer rayonunda, Katar küçəsində baş verib. Bir müddətdir ekranlardan uzaq qalan Melisa Döngel dostu Mehmet Fatih Saruhanla avtomobildə hərəkətdə olarkən başqa bir sürücü ilə yol vermək üstündə mübahisə edib.
İddiaya görə, mübahisə böyüdükdən sonra digər sürücü avtomobilini yolun ortasında saxlayaraq maşından düşüb. Daha sonra Döngel və dostunun olduğu avtomobilə yaxınlaşan şəxs silah göstərərək onları təhdid edib. Baş verənlər avtomobildə olan şəxslərdən biri tərəfindən mobil telefonla qeydə alınıb.

Hadisədən sonra Melisa Döngel polisə müraciət edib. Əraziyə gələn polis əməkdaşları silahlı sürücünü saxlayıblar.
Məhkəməyə çıxarılan şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

