NATO-nun Bombardier Artemis II kəşfiyyat təyyarəsi yenidən Qara dənizin neytral suları üzərində müşahidə edilib.
TASS-ın Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadən verdiyi məlumata görə, təyyarə ayın əvvəlindən bəri ikinci dəfə Qara dənizin cənub hissəsində uçuş həyata keçirib.
Mənbə bildirib ki, təyyarə akvatoriyanın cənubunda qərbdən şərqə və əks istiqamətdə hərəkət edir.
“NATO-ya məxsus Bombardier Artemis II təyyarəsinin Qara dənizin cənub hissəsindəki neytral sular üzərində uçuşu ayın əvvəlindən bəri ikinci dəfə qeydə alınıb”, – mənbə bildirib.
Qeyd olunub ki, bu tip uçuşların həftəsonu həyata keçirilməsi nadir haldır və təyyarə adətən iş günlərində fəaliyyət göstərir.
Məlumata görə, Bombardier Artemis II Rumıniyanın Konstansa şəhərindən havaya qalxıb, BINBI nəzarət nöqtəsi vasitəsilə marşruta daxil olub və təxminən 9,5 kilometr yüksəklikdə uçub. Təyyarənin sahilyanı ölkələrin hava məkanına daxil olmadığı bildirilir.
Kəşfiyyat təyyarəsi sentyabrın 10-da da Qara dəniz üzərində uçuş həyata keçirmiş və 6 saatdan çox havada qalmışdı.

