Payız aylarında qadınların hormonal balansını dəstəkləmək üçün yuxu rejiminə xüsusi diqqət yetirmək lazımdır.
Ginekoloq-endokrinoloq Liliya Afanasyeva NEWS.ru-ya bildirib ki, havaların soyuması və gündüz saatlarının azalması fonunda orqanizmin yeni şəraitə uyğunlaşmasına düzgün qidalanma, fiziki aktivlik və keyfiyyətli yuxu kömək edə bilər.
Həkimin sözlərinə görə, saat 23:00-dan gec olmayaraq yatmaq və tam qaranlıq otaqda yuxuya getmək məqsədəuyğundur. O bildirib ki, gecə saatlarında melatonin ifrazı artır və otaqdakı işıq bu prosesə mane ola bilər. Buna görə də yataq otağında işığı minimuma endirmək, lazım gəldikdə işıq keçirməyən qalın pərdələrdən istifadə etmək tövsiyə olunur.

Afanasyeva səhər saatlarında isə əksinə, gün işığından mümkün qədər yararlanmağı məsləhət görüb. Oyandıqdan sonra pərdələri açmaq orqanizmin yuxu-oyanıqlıq ritminin tənzimlənməsinə kömək edir.
Mütəxəssis həmçinin payızda fiziki aktivliyi artırmağı, xüsusilə açıq havada gəzintiyə vaxt ayırmağı tövsiyə edib.

