Doqquz yaşlı britaniyalı Lelio Massimo di Rokkasakka Monblana qalxaraq bunu bacaran ən gənc alpinist kimi tarixə düşüb.
La Stampa-nın məlumatına görə, Londonda doğulan və ailəsi ilə Romada yaşayan Lelio sentyabrın 4-də atası, şahzadə Valerio Massimo di Rokkasakka dei Volşi ilə birlikdə 4807 metr hündürlüyə qalxıb.
Atasının sözlərinə görə, bu nəticə Lelionu Monblanı öz gücü ilə fəth edən ən gənc şəxs edib. Məlumatın Quter dağ sığınacağının sahibi tərəfindən də təsdiqləndiyi bildirilir.
Lelio zirvəyə qalxdıqdan sonra təəssüratlarını belə bölüşüb:
“Bütün bu dünyanı ayaqlarının altında görmək inanılmazdır – İtaliya, Fransa və İsveçrənin dağlarını eyni anda görürsən.”
Ailə uğuru zirvədən təxminən min metr aşağıda yerləşən Quter sığınacağında qeyd edib.

Atası bildirib ki, onlar üçün əsas məsələ rekord deyil:
“Məsələ rekordda deyil. Lelio sadəcə dağları sevir.”
Məlumata görə, Lelio alpinizmlə 3 yaşından məşğul olmağa başlayıb. Beş yaşında Qran-Sassoya qalxıb, 2026-cı ildə isə İsveçrədəki Bişhorn zirvəsini fəth edib. İndi onun planları arasında Ayger və Matterhorn da var.
Bununla belə, Lelio gələcəkdə alpinist yox, paleontoloq olmaq istədiyini deyib.

