Suriyanın Hələb vilayətinin Ayn əl-Ərəb şəhərində yerləşən həbsxanada baş verən yanğın nəticəsində 7 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Yerli rəsmilərin məlumatına görə, yanğın Ayn əl-Ərəbdə baş verən hadisələrdən sonra həbsxanadakı bəzi məhbusların yaratdığı qarşıdurma zamanı kameraların yandırılması nəticəsində başlayıb.
Hələb Daxili Təhlükəsizlik Komandanlığından bildirilib ki, alov qısa müddətdə həbsxana binasına yayılıb. Hadisə nəticəsində 7 nəfər ölüb, onlarla insan isə tüstüdən zəhərlənib və ya müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Komandanlıq həbsxananın inteqrasiya planı çərçivəsində rəsmi dövlət qurumlarının tabeliyinə verilməsi prosesinin məhkəmə orqanları səviyyəsində davam etdiyini də bildirib. Hüquqi qərarların gözlənilməsi səbəbindən müəssisənin faktiki təhvil-təslim prosesinin hadisədən əvvəl başa çatdırılmadığı qeyd olunub.

Hadisənin bütün təfərrüatlarının araşdırıldığı, məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilib.

