ABŞ-nin Florida ştatında 53 il əvvəl qətlə yetirilən iki bacının işi üzrə şübhəli şəxs nəhayət müəyyən edilib.
“People” nəşrinin məlumatına görə, 18 yaşlı Marqerit “Meqqi” Cenkins və 16 yaşlı Meri Cenkins 1973-cü ilin mayında Florida-Kisdə istirahətdə olarkən yoxa çıxıblar. Bacılar sonuncu dəfə mayın 2-də Stok-Aylend ərazisində avtomobil saxlamağa çalışarkən görülüblər. Ertəsi gün onların meyitləri Key-Larqoda meşəlik ərazidə aşkarlanıb. Hər iki bacının döyüldüyü və güllə yaraları aldığı müəyyən edilmişdi.
İllərlə nəticə verməyən istintaqda dönüş nöqtəsi 2018-ci ildə baş verib. Florida Hüquq-Mühafizə Departamentinin mütəxəssisləri qurbanlardan birinin geyimindəki qan izindən əldə edilmiş kişi DNT profilini genişləndiriblər. 2023-cü ildə genetik genealoji araşdırmalar vasitəsilə daha dolğun profil hazırlanıb və istintaq Devid Allen Snayderə çıxıb.
Araşdırma Snayderin 1972–1974-cü illərdə cinayətin baş verdiyi əraziyə yaxın yerlərdə yaşadığını da üzə çıxarıb. Daha sonra onun qohumlarından götürülən DNT nümunəsi şübhəli şəxsin kimliyinin təsdiqlənməsinə imkan verib.
Lakin Snayder 2008-ci ildə vəfat etdiyi üçün məhkəmə qarşısına çıxmayacaq. Beləliklə, bacıların ailəsi yarım əsrdən çox davam edən gözləntidən sonra onların ölümü ilə bağlı cavab əldə edib.

