Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı növbəti regional seçkilərdə ciddi məğlubiyyətlə üzləşə bilər.
CDU/CSU parlament fraksiyasının sədri Torsten Fray RedaktionsNetzwerk Deutschland media qrupuna müsahibəsində bildirib ki, Meklenburq–Ön Pomeraniyada vəziyyət partiya üçün çox çətindir.
Onun sözlərinə görə, Saksoniya-Anhaltdakı seçkinin nəticəsi növbəti regional seçkilər ərəfəsində CDU/CSU üçün ciddi xəbərdarlıq siqnalı ola bilər.
“Meklenburq–Ön Pomeraniyada vəziyyət bizim üçün çox mürəkkəbdir. Bizi sözün əsl mənasında darmadağın edə bilərlər”, – Fray qeyd edib.
Bu açıqlama CDU/CSU-nun Saksoniya-Anhaltda keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” (AfD) qarşısında məğlub olmasından sonra səslənib. Nəticədə AfD ilk dəfə olaraq Almaniyanın federal torpaqlarından birində hökumət formalaşdırmaq imkanı əldə edib.

