İyulun 23-də İspaniya mətbuatının Zəngəzur dəhlizi ilə bağlı yayımladığı məqalə xüsusilə Cənubi Qafqazda maraqlı aktorlar arasında ciddi rezonans doğurdu. Məqalədə Ermənistanın ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət təklifini qəbul etdiyi, gizli memorandumun imzalandığı, bu ölkənin ərazisində amerikalı hərbçilərin yerləşdiriləcəyi qeyd edilir. O cümlədən, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Zəngəzurdan keçəcək yolun “Tramp körpüsü” adlandırılacağı iddia olundu.
Ermənistanın baş nazir administrasiyası məsələyə münasibət bildirərək məlumatı “saxta” adlandırsa da, iddialar ölkə gündəmini zəbt etdi. Həmçinin Rusiya da Xarici İşlər Nazirliyi səviyyəsində mövzunu şərh etdi, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı yeni həll təklif etməsinin mümkünsüz olduğu vurğulandı. Kreml isə bu məsələnin Bakı və İrəvanın sureven işi olduğunu bildirdi.
Den.az xəbər verir ki, bunu Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Zəngəzur dəhlizi məsələsinin artıq dünyanın bir sıra böyük dövlətlərinin diqqət mərkəzində olması əhəmiyyətli irəliləyişdir:
“Əvvəllər bu barədə dövlətlər belə intensiv və dinamik fikir bildirmirdilər. İndi isə təkcə münasibət bildirmir, həm də konkret təkliflərlə çıxış edirlər. Bu da onu göstərir ki, artıq dəhlizin açılmasına həm nəzəri, həm siyasi, həm də geosiyasi baxımdan inanır və onun zəruriliyini qəbul edirlər.
Bu prosesdə başlıca rol oynayan əsas qüvvə Azərbaycandır. Rəsmi Bakının həyata keçirdiyi xarici siyasət və diplomatiya, eləcə də incə taktiki gedişlər nəticəsində Zəngəzur dəhlizi əvvəlcə regional, sonra isə qlobal səviyyədə geosiyasi və geoiqtisadi dinamika ilə gündəmə gəldi. Azərbaycanın reallaşdırdığı layihələr və bunun doğurduğu tələblər əsasında sübut olundu ki, “Orta Dəhliz” adlanan böyük qlobal logistika layihəsinin həyata keçirilməsi üçün Zəngəzur dəhlizinin açılması vacibdir. Bu dəhliz həm təhlükəsizlik, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.
Füzuli Qurbanov
Hazırda ABŞ həmin layihədə nəzarətçi rolunu oynamaq istəyir, Rusiya da prosesdən kənarda qalmamağa çalışır. İranın mövqeyində isə müəyyən yumşalma müşahidə olunur.
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda açıq şəkildə bildirdi ki, Azərbaycan Zəngəzur dəhlizini heç bir halda bazarlıq predmeti kimi görmür. Hər hansı üçüncü dövlətin və ya başqa bir tərəfin dəhlizə nəzarət etməsi qəbulolunmazdır. Zəngəzur dəhlizi tam sərbəst və azad keçidlər üçün nəzərdə tutulmuş bir məkan olmalıdır. Yalnız bu şərtlər daxilində Azərbaycan dəhlizin açılmasını uğurlu hesab edə bilər”.
Siyasi şərhçi Əli Mustafayevin fikrincə, ABŞ ordusunun bölgəyə gəlmək niyyəti artıq açıq şəkildə hiss olunur:
“ABŞ-ın Ermənistan ərazisində, məhdud sayda olsa da, artıq hərbi qüvvəsi mövcuddur. Rəsmi Vaşinqton bu prosesi davam etdirməyə çalışacaq. Mövcud gedişat Rusiyanın bölgədən sıxışdırılması ilə paralel aparılır. Artıq Moskvanın regionda nüfuzu zəifləyir, təsir imkanları isə gözlə görünəcək dərəcədə azalır. Belə bir şəraitdə ABŞ-ın alternativ güc mərkəzi kimi bölgəyə yaxınlaşması prosesləri daha da sürətləndirir.
Əli Mustafayev
Baxmayaraq ki, Ermənistanda hələ də müəyyən səviyyədə Rusiya , İran, Fransa, eləcə də Türkiyə və Azərbaycanın təsir imkanları qalır, bu, o demək deyil ki, rəsmi İrəvan tamamilə ABŞ-ın nəzarəti altına düşəcək. Beləliklə, Prezident Donald Tramp mövcud situasiyadan istifadə edərək Ermənistanda daha təsirli və söz sahibi olmağa çalışır.
“Tramp körpüsü” istiqamətində də müəyyən razılaşmaların olduğu ehtimal edilir. Ümumilikdə, İran və Rusiya ilə müqayisədə ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsi regionda olan bütün tərəflər üçün daha az riskli və əlverişli tərəfdaşlıq variantı kimi qiymətləndirilə bilər”.