ABŞ-ın Zəngəzur dəhlizinə 100 illik nəzarət təklifindən sonra Ermənistana razılaşması üçün təzyiq göstərdiyinə dair iddialar yayılıb. Rəsmi İrəvanın əvvəlcə məsələyə dərhal sərt reaksiya verməsi və rədd etməsi, daha sonra baş nazir Nikol Paşinyanın məsələnin müzakirə edildiyini bildirməsi diqqət çəkir.
Analitiklər bu təzyiqlərin Vaşinqtonun regiondakı geosiyasi maraqları ilə əlaqəli olduğunu qeyd edir. Hətta Ermənistan hökumətinin hazırda təklifə müsbət yanaşdığı bildirilir.
Den.az xəbər verir ki, bunu Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, kənardan baxdıqda ABŞ-Ermənistan münasibətləri normal görünür:
“Zəngəzur dəhlizinin – yəni 32 kilometrlik yolun idarəçiliyinin Amerika şirkətlərinə verilməsi ilə bağlı fikir ABŞ-ın Türkiyədəki səfiri Tomas Berrak tərəfindən irəli sürülüb. O, Prezident Donald Trampa yaxın olan ən güclü diplomatlardan biridir. Bu baxımdan, əlbəttə, Ermənistan sözügedən təklifə müsbət münasibət göstərəcəkdir. 2022-ci ildə Zəngəzur dəhlizi məsələsi gündəmə gəldikdə, Avropa İttifaqına üzv olan bir ölkəyə məxsus şirkətə bu dəhlizin idarə olunması təklif edilirdi. Lakin məsələ bu gün də aktualdır və həm Azərbaycan , həm də Ermənistan tərəfindən qəbul oluna biləcək bir variant olaraq görülür. Baxmayaraq ki, Ermənistanın xarici işlər naziri təklifə neqativ yanaşır, baş nazirin mövqeyi isə müsbətdir”.
Politoloq qeyd edib ki, bu yolun açılması və ABŞ-a məxsus bir şirkətə verilməsi, üçüncü qüvvələrin, xüsusilə İranın və ya Rusiyanın Zəngəzur dəhlizinə müdaxilə imkanlarını məhdudlaşdıracaq:
“Beləliklə, bu qərar həm də regional güclərin təsirini azaltmağa yönəlib. Hətta, Avropa İttifaqı da dəhlizə nəzarət ABŞ şirkətlərinə verildikdən sonra ehtiyatlı yanaşacaqdır. O baxımdan, yaxın günlərdə Zəngəzur dəhlizinin ABŞ şirkətinə verilməsi ilə bağlı Ermənistanda müsbət rəyin meydana çıxması ehtimalı yüksəkdir”.