Rusiyanın Kamçatka vilayətində ardıcıl güclü zəlzələlər baş verir. Xüsusilə 8,8 ballıq təkanlar tarixdə baş vermiş ən güclü on zəlzələdən biri kimi dəyərləndirilir. Hadisədən sonra bəzi rus ekspertlər bu zəlzələlərin təbii olmadığı, arxasında geofiziki müdaxilə dayandığı barədə iddialar səsləndiriblər. Hətta ABŞ-ın yeraltı silah vasitəsilə Rusiyanı təhdid etdiyi iddia olunur.
Bu iddialar nə dərəcədə əsaslıdır? Kamçatka regionunda baş verən güclü zəlzələlərin səbəbi nədir?
Denmedia.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, bu ərazi seysmik zona hesab olunur.
O bildirib ki, Kamçatka, Yaponiya və Sakit Okeanın şimal hissəsi daima tektonik və vulkanik proseslərin aktiv olduğu yerlərdir:
“Xüsusilə Kamçatka bölgəsində tez-tez zəlzələlər baş verir. Yaponiya və Sakit Okeanda da mütəmadi olaraq güclü zəlzələlər müşahidə olunur. 8.8 ballıq zəlzələ çox güclü və nadir hadisələrdən biridir. Lakin bu cür tektonik zəlzələlərin “xüsusi törədilməsi” fikri mənim üçün qəbulolunan deyil. Tektonik plitələr arasındakı gərginlik uzun müddət yığılır və nəhayət, belə güclü zəlzələ yaradır. Bu, təbii prosesdir və ona süni müdaxilə mümkün deyil. Həmçinin, zəlzələnin siyasi və ya hərbi məqsədlərlə əlaqələndirilməsi doğru deyil. Kamçatka Rusiyanın strateji baxımdan vacib, ancaq insan sıxlığı az olan bölgəsidir. Orada zəlzələ törətməklə hər hansı xəbərdarlıq və ya təzyiq göstərmək mənasızdır”.
Qorxmaz İbrahimli
Ekoloq deyib ki, bu zəlzələ seysmoloqlar üçün yeni perspektivlər açır:
“Belə nadir və güclü təbii hadisələr yeni elmi layihə və proqramların hazırlanmasına səbəb olacaq. Azərbaycan seysmologiyası da bu hadisədən öz dərslərini götürməlidir. Bina tikintisi və digər sahələrdə zəlzələnin mümkün təsirlərini nəzərə almaq vacibdir. Gələcəkdə də belə güclü zəlzələlərin baş vermə ehtimalı var və buna hazırlıqlı olmaq lazımdır”.