ABŞ hakimiyyəti vətəndaşlığı olmayan hamilə qadınların ölkəyə girişinə qadağa qoyulması imkanını nəzərdən keçirir.
Bu barədə The Telegraph məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət əsasən “doğum turizmi” adlandırılan praktikanın qarşısının alınmasından gedir. Bu halda xarici ölkə vətəndaşları hamiləliyin son mərhələsində ABŞ-a səfər edir və uşaqlarının Amerika vətəndaşlığı almasına çalışırlar.
Məqalədə qeyd olunur ki, Ağ Ev bu tədbiri tətbiq edərsə, hamilə qadınların ABŞ-a girişinə imtina edilə bilər. Bu, Tramp administrasiyasının problemli hesab etdiyi praktikanı azaltmaq üçün yeni addım kimi qiymətləndirilir.
The Telegraph-un məlumatına əsasən, ABŞ-da hər il xarici vətəndaşlardan təxminən 20-26 min uşaq dünyaya gəlir.
ABŞ administrasiyası “doğum turizmi”ni milli təhlükəsizlik baxımından risk kimi qiymətləndirir. Bildirilir ki, belə uşaqlar sonradan ABŞ universitetlərində təhsil alaraq ölkənin intellektual mülkiyyətinə çıxış əldə edə və bu bilikləri başqa ölkələrə apara bilərlər.

